Azərbaycanda da şahmatın uzun inkişaf yolu var. Hələ qədim zamanlarda Azərbaycanda böyük şahmatçılar olmuşdur. Qədim Orta Asiyada gözəl oyunu ilə hamını heyran edən Cəlaləddin Naxçıvani (IX əsr) Azərbaycan şahmatçılarının ilk görkəmli nümayəndəsidir. Xaqani Şirvani (XII əsr), Nizami Gəncəvi (XII əsr), İmadəddin Nəsimi (XIV əsr), Məhəmməd Füzuli (XVI əsr) kimi dahilər öz şeirlərində şahmatı tərənnüm etmiş, oyun haqqında mənalı, dərin fikirlər söyləmişlər. Fransız yazıçısı Aleksandr Düma Azərbaycanda olarkən Xurşidbanu Natəvan ilə şahmat oynamış, xan qızının ağıl-düşüncəsinə heyranlıq əlaməti olaraq Parisdən gətirdiyi Napoleonun büstünü və fil sümüyündən düzəldilmiş zərif şahmat fiqurunu ona hədiyyə etmişdir. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundov oğluna yazdığı məktubda şahmatın sirlərinə yiyələnməyi tövsiyə etmişdir.

Təsadüfi deyil ki, bu gün Azərbaycanlı şahmatçılar dünyanın elit şahmatçıları arasındadırlar və milli komandamız ikiqat Avropa çempionudur. Ölkəmiz bir neçə FIDE Grand Prix, Baku Open, Naxçıvan Open, Dünya Kuboku və 2016-cı ildə keçiriləcək Ümumdünya Şahmat Olimpiyadası kimi genişmiqyaslı şahmat tədbirlərinə ev sahibliyi edir.